Millimiz IV dəfə qatıldığı Dünya Çempionatında çıxışını başa vurdu Azerrailvc.az

Millimiz IV dəfə qatıldığı Dünya Çempionatında çıxışını başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada keçirilən dünya çempionatında çıxışını başa vurub.
Belə ki, komandamız mundialın ilk mərhələsində Cənubi Koreya, Trinidad və Tabaqo, Tailand, Rusiya və ABŞ yığmaları ilə gücünü yoxlayıb. Gərgin keçən görüşlərdən sonra voleybolçularımız cənubi koreyalılar və trinidad və tabaqolu həmkarları ilə dueldən qalib ayrılıblar. Bu qələbələr təmsilçimizi ikinci mərhələyə daşıyıb. 
Bu mərhələdə yığmamıza Türkiyə, Bolqarıstan, Çin və İtaliya rəqib olub. Qrup mərhələsindən sonra bəzi oyunçularımızın zədə aldıqları üçün II mərhələdə gənclərə daha çox şans verildi. Görüşlərdə qələbə qazanmasaq da, oyunçularımız gələcək yarışlar üçün lazımı təcrübə toplamağı bacarıb.

 

Digər komanda növləri ilə müqayisədə 4-cü dəfə iştirak etdiyimiz dünya çempionatını yığmamız üçün uğurlu adlandırmaq olar. Çünki məşqçilər korpusu, oyunçular da yüksək yerlər tutmaq arzusunda olsa da, rəqiblərin daha təcrübəli olması buna imkan verməyib. Lakin bu, son deyil. Daim azarkeşlərini sevindirən voleybolçularımızın qarşıdakı yarışlarda daha inamlı, daha güclü olacağına inanırıq. Ən azından mundiala 4-cü dəfə vəsiqə qazanmaq çəkilən əziyyətin bəhrəsidir və gələcəkdə də bunun faydasını görəcəyik.

 

Lakin növbəti yarışlarda uğurlarımızda pay sahiblərindən Faiq Qarayevi və Natalya Məmmədovanı komandada görməyəcəyik. Azərbaycan voleybolunu yüksəklərə qaldıran və həmişə bu idman növünün inkişafına çalışan Faiq Qarayev məşqçilik karyerasını başa vurub. Bu, 59 yaşlı təcrübəli mütəxəssisin səhhətində yaranan ciddi problemlə bağlıdır. Amma millimizi 4 dəfə dünya, 7 dəfə Avropa çempionatına yüksəldən, yığma və klubla bir sıra turnirlərdə uğurlara daşıyan dünya səviyyəli çalışdırıcı bu idman növünün daha da irəli getməsi üçün işini davam etdirəcək. Qarayev komandalarımıza və yeni nəslə məsləhətlərini Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti kimi verəcək. 

 

Ölkə voleybolunda xüsusi izi olan Natalya Məmmədova da bundan sonra yığmanın heyətində yer almayacaq. Karyerasını Qazaxıstanda davam etdirəcək ulduz oyunçu Yaponiyada milli ilə vidalaşıb və bundan sonra əsas komandanın formasını geyinməyəcəyini açıqlayıb. O, bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.

 

Faiq Qarayev və Natalya Məmmədova rəhbərliyə, oyunçulara, daim komandamızı dəstəkləyənlərə öz minnətdarlığını bildirdi və uğurlar arzuladılar.

 

Biz də onlara gələcək karyeralarında uğurlar diləyirik!!!

Tarix: 11 Oktyabr 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    1
    ABŞERON
    3

FACEBOOK

KEÇİDLƏR