Azerrail VC

Xəbərlər

Haqqımızda

"AZƏRREYL"İN PREZİDENTİ: "ASILILIQDAN HEÇ VAXT XOŞUM GƏLMİR" - MÜSAHİBƏ

“Azərreyl” voleybol klubunun prezidenti Fərid Xəlilovun apasport.az saytına müsahibəsi

- Super Liqanın Qubada keçirilən hər iki oyununda asan qələbə qazandınız. Bunu gözləyirdinizmi?
- Mən asan deməzdim. “Murov”la oyun çətin idi. Çünki onlara son günlərdə iki yeni voleybolçu gəlmişdi. Onların necə oyunçu olmaları bizim üçün qaranlıq idi. Artıq nəyə qadir olduqlarını bilirik. Kifayət qədər gərgin mübarizə oldu. Düzdür, ilk görüş bir qədər asan keçdi. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komanda ilə oynadıq. UNEC, demək olar ki, sıfırdan yığılıb, uzun müddət yox idi. Bu komandada təcrübəli və təcrübəsiz voleybolçulardan ibarət kollektiv hələ tam tənzimlənməyib. İnanıram ki, UNEC gələcəkdə daha yaxşı nəticələr əldə edəcək. “Murov”la görüşə çox ciddi hazırlaşmışdıq. Sürprizlərin olacağını bilirdik. Belə də oldu. Oyunçularımız yenə də ən yaxşı nəticə üçün əllərindən gələni etdilər.

- “Murov”la görüşün ilk hissəsində 12:17 hesabı ilə geridə olarkən hansı hissləri keçirdiniz? Həmin hissəni qalib tamamlayacağınıza inamınız var idimi?
- Qadın voleybolunda stress məsələsi çox gərgin olur. Müəyyən xallar itirdikdən sonra onların normal oyun təşkil etməsi baş məşqçidən asılıdır. Famil Ağayev həmin vaxt komandanı toparladı, özünü çox yaxşı tərəfdən göstərdi. Qızlar özlərinə inandılar və qələbə qazandılar. Bu, komanda idman növüdür. Bir oyunçudan heç nə asılı olmur. Məncə, belə vəziyyətlərdə baş məşqçidən çox şey asılıdır.

- İlk 4 matçdan sonra maksimum göstəriciyə imza atmısınız. Çempionatın startı ərəfəsində belə uğurlu başlanğıc gözləyirdiniz?
- Maraqlısı ondadır ki, demək olar bütün komandalar sıfırdan yaradılıblar. Ancaq ilk oyunlar göstərdi ki, “Azərreyl” uğurlu çıxış edir və hər şey yaxşı alınır. Yoldaşlıq görüşlərindəki nəticələr artıq bizə əminlik verirdi. Çempionat matçları da qızların bir-biriləri ilə yaxşı ünsiyyət qurduqlarını göstərdi.

- Qələbə seriyasının ardını gətirmək asan olacaq, yoxsa mübarizə getdikcə qızışır?
- Bayaq da dediyim kimi, “Murov”da yeni voleybolçular var. Onlar digərləri ilə birgə oyun təcrübəsi yığmayıblar. Növbəti matçlarda həmin təcrübə olacaq və tam fərqli oyun göstərə bilərlər. Açığı, “Murov”un oyunundan hələ bir az çəkinirəm. Nəsə deməyə qorxuram. Ancaq bəzi komandaların heyətində dəyişiklik olmayacağı üçün müəyyən şeyləri planlaşdıra bilərik.

- “Azərreyl” voleybolumuzun həmişə flaqmanı olub. Artıq demək olarmı ki, “Azərreyl” keçmiş günlərinə qayıdır?
- İnşallah, keçmiş günlərə qayıdacaq və ondan da yüksək nəticələr göstərəcək. Həmin zamandakı nəticələrin təkrarlanmasından danışmaq üçün hələ tezdir. Lakin inanıram ki, onlara nəinki çatacağıq, hətta daha artığını edəcəyik.

- İndidən sizi çempion saymaq olar, yoxsa bunun üçün tezdir?
- İdmanda hər an nəsə dəyişə bilər. Qızların xasiyyəti, stressi kişilərdən çox fərqlidir. Ona görə də, nəsə demək çətindir. Lakin komandama, onların əziyyətinin müsbət nəticələnəcəyinə inanıram.

- “Murov” sizə 0:3 hesabı ilə məğlub olduqdan sonra 4-cü pilləyə endi. Siz daha çox bu komandadan danışırsınız, halbuki “Azərreyl”lə eyni xala malik “Abşeron”un adını çəkmirsiniz. Onları ciddi rəqib kimi qəbul etmirsiniz?
- Geridə qalan 4 oyunda 1 set verdiyimiz yeganə komanda “Abşeron” oldu. Lakin “Abşeron”un oyununu artıq bilirik. “Murov”dan isə sürprizlər gözləyirəm. Qızların bu sürprizlərə necə reaksiya verəcəklərini bilmirəm. Bu üzdən daha çox çəkindiyim komanda “Murov”dur. Orada yeniliklər daha çoxdur. Bir aydan sonra fərqli oyun göstərə bilərlər.

- Heyətinizdə 3 əcnəbi voleybolçu çıxış edir və daha bir oyunçu cəlb etmək hüququnuz var. Pley-off ərəfəsində bunu reallaşdırmağımız mümkündürmü?
- Komanda artıq formalaşıb. Amma baş məşqçi ilə müəyyən danışıqlara başlamışıq ki, özümüzü sığortalamalıyıq. Məsələn, hücumda alternativimiz yoxdur, irəlidə bir voleybolçudan asılıyıq. Belə asılılıqdan heç vaxt xoşum gəlmir. Hər bir vəziyyətə hazır olmalıyıq. İdmanda təsadüfən hansısa zədə ola bilər. Belə olarsa, hücumçusuz qalmaq istəmirik. Bu baxımdan baş məşqçi ilə məsləhətləşirik. Çox az vaxt qalıb. Komandaya yeni oyunçu qoşula bilər.

- “Azərreyl”in ilk dəfə kişilərdən ibarət komandası da çempionatda çıxış edir. Əsas diqqəti qadınlara yönəldəcəksiniz, yoxsa kişilərə də eyni diqqət ayrılacaq?
- Kişilərdən ibarət komandamızda əsasən gənclərə yer vermişik. Onlardan indi qələbə gözləmirik. Hələ təcrübə toplamalıdırlar. Komanda 4 oyunda 2 qələbə qazanıb ki, bu da kifayət qədər yaxşı nəticədir. İnanıram ki, uğurlu çıxışın davamı gələcək. Təcrübə toplayırlar, yetişirlər, oyundan-oyuna daha yaxşı təsir bağışlayırlar. Bu da sevindirici haldır. Məşqlərində mütəmadi inkişaf görürəm. Hamısı rayonlardan yığılmış uşaqlardır. Bu layihənin uğurlu olması üçün əlimdən gələni edirəm.

- “Azərreyl” həmişə qadın voleybol komandası kimi tanınıb. Razılaşın ki, haradasa kişilərə ögeylik hiss olunur.
- Bəli, “Azərreyl” həmişə qadın komandası kimi tanınırdı. Lakin indi istəyirəm ki, həm qadın, həm də kişilərdən ibarət qalib komanda kimi tanınsın. İnanıram ki, buna nail olacağıq. Bu mövsüm və gələn mövsüm olmaya bilər, amma iki ildən sonra voleybolçularımız fərqli oyunlar göstərəcək və qələbələr qazanacaqlar. Sözsüz ki, əvvəlcə ölkə çempionu olacaq, sonra Avropada öz sözlərini deyəcəklər.

- Mövsümün əvvəlində saytımıza müsahibənizdə demişdiniz ki, avrokuboklara qatılacaqsınız. Çox güman ki, “Chelenc Cup”da çıxış edəcəksiniz. Həmin vaxt komandanın gücləndirilməsi ilə bağlı hansı addımlar atılacaq?
- Müəyyən addımlar atmaq üçün hələ tezdir. Bir çox ölkədə çempionat hələ bitməyib. Mövsüm başa çatmadığı üçün kimin necə çıxış edəcəyini, kimin zədə alacağını bilmirik. Müxtəlif sürprizlər ola bilər. Bir az gözləməliyik. Martın sonlarından - aprelin əvvəllərindən aktiv olaraq danışıqlara başlayacağıq. Bəli, komandanı gücləndirəcəyik. Çünki avrokubok tam başqa səviyyədir. Ona da hazır olmalıyıq və bu yöndə planımız var. Millinin xaricdə çıxış edən oyunçularını da heyətə cəlb etmək istəyirik. Danışıqlar onlarla başlayıb. Digərlərinə isə hələ baxılır. İnanıram ki, güclü komanda toplaya bilərik.