Xəbərlər
AZERREYL QIZIL MEDALIN SAHİBİ OLDU !!!
Bugün voleybol üzrə Azərbaycan çempionatı başa çatıb.
Voleybol mərkəzində mükafatlandırma və çempionatın bağlanış mərasimi baş tutub.
Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Günay Salamova, Elqar Bağırov, İlqar Nuriyev, AVF nəzarət təftiş komissiyasının sədri Nazim Axundov iştirak ediblər.
Çıxış edən Faiq Qarayev müəyyən səbəblərdən tədbirdə iştirak edə bilməyən AVF-nin prezidenti Şahin Bağırovun salamını və təbriklərini çatdırıb. F.Qarayev bəzi çətinliklərə baxmayaraq, çempionatın yüksək səviyyədə keçirildiyini deyib. O, mövsümün əvvəlindən sonunadək birinciliyin təşkilində əməyi keçən hər kəsə, federasiyasının bütün əməkdaşlarına, eləcə də oyunları işıqlandıran media nümayəndələrinə və voleybolçulara hər zaman dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.
Vitse-prezident bu il çempionatda yeni klubun - "Xarı bülbül" klubunun iştirak etdiyini, debüt ilindəcə fəxri kürsüyə yüksəldiyini bildirərək, komandanın prezidenti Fatimə Hacıyeva başda olmaqla bütün kollektivini təbrik edib. O, növbəti mövsümlərdə də yeni klubların yaranacağına, ölkə birinciliyində daha çox komandanın iştirak edəcəyinə ümidini bildirib. Faiq Qarayev qalibləri bir daha təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.